BLOQ

13.09.2023
1137

Qız qaçırtma adam oğurluğu hesab olunurmu?

     Bir zamanlar ölkəmizdə ən aktual problemlərdən biri də xalq arasında ‘‘qız qaçırtma’’ adı ilə tanınan adam oğurluğu əməllərinin törədilməsi idi. Lakin, təəssüf ki, hələ də bəzi bölgələrimizdə bu kimi hallara rast gəlinir və bu hal tamamilə normal qarşılanır. Hətta bu əməl cəmiyyətə o qədər ‘‘doğmadır’’ ki, bunun gülməli, əyləncəli, xoş təəssürat bağışlayan, yaxşı bir şey imiş kimi qələmə verən komediya janırında filmlərimiz çəkilir və bu filmlərə cəmiyyət tərəfindən tələb və maraq da çoxdur. Qanunvericilikdə qız qaçırtma      Bəs qanunvericilik? Qanunvericilik izdivac məqsədilə adam oğurluğunun törədilməsini necə qarşılayır? Qadınlar könüllü şəkildə buna yol verdikdə, sözügedən əməl cinayət hesab olunur mu?      İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi adam oğurluğunu qadağan edib, lakin adam oğurluğunun özündə nələri ehtiva etdiyini, adam oğurluğu deyərkən tam olaraq hansı əməllərin nəzərdə tutulduğunu aydınlaşdırmayıb. Məhz bu səbəbdən də hələ də qız qaçırtmanın adam oğurluğu hesab edilib-edilmədiyi barədə müzakirələr var.      Azərbaycanın hüquq sistemi çərçivəsində, qız qaçırtma və ya adam oğurluğu zamanı qaçırılan və ya oğurlanan şəxsə maddi ziyan dəydiyi təqdirdə, bu hadisəni törədən şəxsə cəza verilməsi mütləq hal kimi qiymətləndirilir.      Əgər bu hadisəni törədən şəxs, ictimai rahatlığa və ya başqalarının hüquqlarına ziyan vurursa, məsuliyyətə cəlb edilə bilər və hüquq-mühafizə orqanları tərəfindən cinayətin törədildiyi hal üzrə istintaq apara bilər. Daha sonra məhkəmə həmin cinayətin qərarını verir və cəzalandırıcı tədbirləri müəyyən edir.      Əsas qayda olaraq, hüquqi cərimələr və cinayətlərin qiymətləndirilməsi, hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən müəyyən edilir və hansısa bir cinayətin qərarı verilərkən hüquqi proses və məhkəmə hökmləri nəzərə alınır. Bu səbəbdən qız qaçırtma halında qiymətləndirmə prosesi hüquqi mühitdə qarşılaşılan konkret faktlara əsaslanır.      Qız qaçırtmanın adam oğurluğu hesab edilməsi üçün bu əməlin törədən şəxs bunu zor tətbiq edərək və yaxud da hədə-qorxu gələrək, qarşı tərəfin razılığı olmadan etməlidir. Əks təqdirdə, yəni qarşı tərəf özü bu hala yol verdikdə, bu halla razılaşdıqda törədilmiş əməl adam oğurluğu hesab edilməyəcək, çünki burada bir şəxsin öz iradəsinə əsasən verdiyi qərardan söz gedəcək, məcburi hər hansısa bir əməldən deyil.        Lakin əgər qız qaçırtmanın qurbanı olmuş şəxs yetkinlik yaşına çatmayıbsa, yəni yaşı 18-dən azdırsa, bu halda onun razılığı olsa da, olmasa da sözügedən əməl adam oğurluğu hesab ediləcək. Cinayət Məcəlləsinin 144-cü maddəsi      Qanunvericilk 14 yaşından yuxarı hər kəsə adam oğurluğuna görə cəza təyin edir. Belə ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən, bu əmələ görə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Lakin əgər bu əməl: 1. iki və ya daha çox şəxsə qarşı; 2. aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilsə və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və yaxud da cinayətkar birlik          tərəfindən;   3. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə; 4. silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə; 5. tamah məqsədi ilə və ya sifarişlə törədilsə, bu halda 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.      Qanunvericilik adam oğurluğu əməlinin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi halında və ya adam oğurluğunun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması hallarında daha ağır sanksiya nəzərdə tutur. Bu hallarda təqsirkar şəxs 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cəmiyyətimizi qoruyaq      Məqalənin əvvəlində də qeyd edildiyi kimi, bir zamanlar qız qaçırtma adı altında adam oğurluğu ən çox rast gəlinən problemlərdən biri idi və hələ də bəzi bölgələrdə bu kimi hallara rast gəlinir. Bunun qarşısını almaq üçün, həmçinin oğurlanmış adamın hər hansısa bir güc tətbiqinə, zora, psixolojik gərginliyə məruz qalmaması üçün, yəni sırf həmin şəxsin sağlamlığını düşünərək qanunvericiliyimiz əməllərində başqa cinayət tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxsləri cinayət məsuliyyətindən azad edir.      Gəlin izdivac məqsədi ilə, ‘‘iki sevən şəxsin qovuşması’’ adı altında və ya ‘‘heç kim bilməsin, qızımızın adına söz çıxar’’ düşüncəsi ilə xalq arasında qız qaçırtma adı ilə normallaşdırılan adam oğurluqlarına son verək və bunu normallaşdıraraq cəmiyyətə aşılamayaq. "Fiziki şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi" adlı məqaləmizə keçid edin.